18 May 2024, Şənbə

Pak arzular, müqəddəs amallarla dolu, müsəlmanların “on bir ayın sultanı” da adlandırdıqları Ramazan artıq başa çatır.Hər ilin bu ayında müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Bu mənada Ramazan Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayı hesab olunur. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.

Orucluğun başa çatdığı gün Ramazan bayramı kimi qeyd olunur. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin məzarlarını ziyarətə gedir, ruhlarına dualar oxuyurlar. Bayram günləri həm də küsülülər barışar, ailə üzvlərinə bayramlıqlar hədiyyə edilər. Bir ay boyunca oruc tutmaq hər bir müsəlman üçün vacib olduğu kimi, Ramazan bayramında da imkanlıların fitrə vermələri vacibdir. Peyğəmbərimizin hədislərindən birində deyilir ki, Allah bəndəsindən tələb olunan sədəqə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalar.

İslam aləminin böyük dini və mənəvi mahiyyətə malik bu qədim bayramı müstəqillik illərində ölkəmizdə məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanıb. Ulu öndərimiz digər milli və dini dəyərlərimiz kimi Ramazan bayramını bütün dini rituallara uyğun, kütləvi şəkildə keçirmək kimi müqəddəs bir ənənəni də bərpa edib. Dini dəyərlərimizin yaşadılması və təbliğinə xidmət edən bu müdrik siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda dövlət-din münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan dünyanın ən dünyəvi, tolerant ölkəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət göstərildiyini bildirərək deyib: “Azərbaycan müasir dövlətdir, dünyəvi dövlətdir. Eyni zamanda öz milli və dini ənənələrinə sadiq olan dövlətdir. İslam dəyərləri bizim milli­-mənəvi dəyərlərimizin tərkib hissəsidir və müqqəddəs Ramazan ayı bütün dövrlərdə Azərbaycan xalqının qəlbində yaşamışdır. Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir”.

Bu gün ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı kimi mühüm missiyanı böyük müvəffəqiyyətlə yerinə yetirməsi də məhz muxtar respublikamızda İslam mədəniyyətinə xas nümunələrin böyük qayğı ilə əhatə olunmasının, onların bərpası, dini dəyərlərin yüksək səviyədə yaşadılmasının nəticəsi idi.Muxtar respublikada milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə xüsusi diqqətin bariz ifadəsi kimison illərdə Babək rayonunun Çeşməbasar kəndində Heydər məscidi, Ordubad rayonunun Dırnıs kəndində Allahşükür məscidi istifadəyə verilib, Nehrəm qəsəbəsində, Əbrəqunus və başqa kəndlərdə məscidlər milli memarlıq üslubunda yenidən qurulub və hazırda Naxçıvan şəhərində eyni vaxtda 2500 nəfərin ibadət edə biləcəyi, Cənubi Qafqazın ən böyük məscidlərindən olacaq bir ibadət yerinin, Babək rayonunun Cəhri qəsəbəsindəki tarixi Heydərxanlı məscidinin özünün orijinal layihəsi əsasında inşası davam edir.

Ramazan ayının fəzilətlərininhəyata keçirilməsi, köməyə ehtiyacı olan insanlara yardım edilməsi muxtar respublikamızın timsalında artıq nümunəvi hal alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “İnsan mənəviyyatının saflaşması, əxlaqi dəyərlərin bərqərar olması işinə yönəldilmiş hər bir fəaliyyət yüksək qiymətə layiqdir. Muxtar respublikamızda da dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, İslamın müqəddəs ayin və bayramlarının qeyd edilməsinə xüsusi diqqət yetirilir”.

 Hər il Ramazanda iftar süfrələrinin açılması, dindarların bir araya gətirilməsi müqəddəs ayinlərimizin təbliğində mühüm rol oynayır. Bu tədbirlərin paytaxt şəhərimiz Naxçıvanla yanaşı, muxtar respublikanın rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində də təşkili birliyin, xeyirxahlığın, İslam dininə böyük ehtiramın ifadəsi kimi diqqət çəkir.Ötən ildən etibarən isə dünyada tüğyan edən pandemiya nəzərə alınaraqənənəvi kütləvi iftar mərasimlərinin yerinə iftar paylarının verilməsi muxtar respublika sakin­ləri və xarici ölkə vətəndaşları tərəfindən həm mənəvi dəyərlərimizin yaşadılmasına, həm də sağlamlığımızın qorunmasına xidmət edən humanist addım kimi yüksək rəğbətlə qarşılanır. Belə tədbirlərin davamı olaraq cari il arelin 29-u və mayın 12-də müqəddəs Ramazan ayı münasibətilə iftar payları verilib. 

2021-ci ilin Ramazan ayı muxtar respublika sakinləri üçün həm də mayın 10-da ümummilli liderimizin layiqli davamçısı, qalib ordunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Naxçıvana səfəri ilə əlamətdar oldu. Bir sıra strateji əhəmiyyətli obyektlərin açılışında iştirak edən dövlət başçısı Azərbayca Televiziyasına müsahibəsində muxtar respublikanı inkişaf göstəricisinə görə rekordsmen bölgə adlandıraraq dedi: “...Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır...”.

Bu bayram günlərində Azərbaycan xalqı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən də 44 günlük Vətən müharibəsinin qazanılmasında canlarını qurban vermiş qəhrəman övladlarımızın unudulmaz xatirəsini ehtiramla yad edir, hər yerdə şəhidlərimizin ruhuna dualar oxunur. Bu baxımdanRamazan bayramı, həmçinin insanların Vətən, torpaq, dövlətçilik kimi müqəddəs amallar ətrafında daha sıx birləşməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımıza ünvanladığı Ramazan bayramı təbrikində deyib: “Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir”.

Biz də həsrətli torpaqlarımıza vüsal toxumu səpən, canlarından, qanlarındankeçərək elimizə, obamıza Böyük Qələbə sevinci bəxş edən qəhrəman Vətən oğullarının xatirəsini dərin hörmət və ehtiramla yad edir, güclü dövlətimizin daha da qüdrətlənməsini diləyir,birlik və həmrəylik rəmzi sayılan Ramaz bayramı münasibətilə Müzəffər ordumuzun şəxsi heyətini, mübariz xalqımızıtəbrik edirik.

Nail ƏSGƏROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR